İş yerində hamilə qadının hüquq və təminatları

Azərbaycan Respublikasının Əmək Məcəlləsində hamilə qadınların bir sıra hüquqları və təminatları nəzərdə tutulmuşdur. Lakin bir çox hamilə qadınlar bu hüquq və təminatlardan xəbərdar olmadıqları üçün həmin hüquq və təminatlardan istifadə etmir.
Əmək Məcəlləsinə görə hamilə qadınların aşağıda göstərilən hüquq və təminatları nəzərdə tutulur:
- Əmək müqaviləsi bağlanarkən sınaq müddəti müəyyən edilmir.
- Attestasiyadan keçirilmir.
- Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan hamilə qadınların sertifikasiyası keçirilmir.
- Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverən hamilə qadınların sertifikatlaşdırılması keçirilmir.
- İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv olunması qadağan olunan işçilər sırasına daxildir.
- İş vaxtı həftə ərzində 36 saatdan artlq olmamalıdır.
- Gecə vaxtı görülən işlərə cəlb edilməsinə yol verilmir.
- Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir.
Hamilə olması səbəbinə görə qadınla əmək müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir.
Hamilə qadınların gecə işlərinə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsinə, habelə onların ezamiyyətə göndərilməsinə yol verilmir.
Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə keçirilirlər.
Hamiləlik səbəbinə görə qadınların əmək haqqının azaldılması qadağandır.
Hamilə qadınların tibb müəssisələrində dispanser və ambulator müayinələrinin keçirildiyi, həkim məsləhətləri aparıldığı günlərdə orta əmək haqqı saxlanılır. Belə müayinələrin keçirilməsi üçün işəgötürən hökmən hamilə qadınlara zəruri şərait yaratmalıdır.