Mənzili satarkən və ya bağışlayarkən mənzildə qeydiyyatda olanların razılığı tələb olunur?
Mülkiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan şəxslərin razılıqlarını almadığı halda mənzili sata və ya bağışlaya bilməz.
Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 49-cu maddəsinə əsasən, yaşayış evinin, mənzilin, bağın, bağ evinin özgəninkiləşdirilməsi və ya girov qoyulması haqqında əqdlər təsdiq edilərkən notarius özgəninkiləşdirilən yaşayış evində, mənzildə, bağda və bağ evində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayış tələb edir və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığını alır.
Əmlakın özgəninkiləşdirilməsinə və ya girov qoyulmasına razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir.
Beləliklə, xaricdə olan şəxs mənzilin satılmasına dair razılıq ərizəsini yazmalı və həmin ərizədəki imzasının həqiqiliyini olduğu ölkə üzrə Azərbaycan Respublikası konsulluğunun səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq etdirməli və həmin razılıq ərizəsini mülkiyyətçiyə göndərməlidir.
Əgər mənzildə qeydiyyatda olan şəxs xaricə köçmüşsə və onunla əlaqə saxlamaq mümkün deyilsə, mülkiyyətçi həmin şəxsi qeydiyyatdan çıxardıqdan sonra mənzilini satmaq imkanını əldə edəcəkdir.
Beləliklə, mənzilin mülkiyyətçisi yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə və ya məhkəməyə müraciət etməklə xaricdə yaşayan şəxsin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını tələb etməlidir.
Qeyd edək ki, mülkiyyətçi digər hallarda da, qeydiyyatda olan şəxsi mənzildən qeydiyyatdan çıxarmaq üçün yaşadığı rayon üzrə polis idarəsinin pasport qeydiyyat şöbəsinə və ya məhkəməyə müraciət edə bilər.