İlk öncə onu qeyd edək ki, məhkəmədə nikahın xitam verilməsi məsələsinə baxılarkən, həll edilməli mübahisələrdən biri də, ər-arvadın birgə mülkiyyəti hesab edilən əmlakların bölünməsi məsələsidir.
Nikaha xitam verilməsi
Tərəflərin qarşılıqlı razılığı olduqda və onların yetkinlik yaşına (18 yaş) çatmayan uşaqları olmadıqda müvafiq qeydiyyat şöbələrində, əks hallabrda isə məhkəmə qaydasında nikaha xitam verilir. Məhkəmə qaydasında boşandıqdan sonra və ya boşanma prosesi zamanı uşaqların kimin yanında qalması və alimentin ödənilməsi məsələlərinə də baxılır. Məhkəmə bu işlərlə yanaşı nikaha xitam verilməsi ilə əlaqədar ortaya çıxan tərəflərin birgə əmlakının bölünməsi məsələsinə də baxır.
Ər-arvadın ümumi birgə mülkiyyəti
Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar daxildir:
1. Onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Əmlakın bölünməsi
Əmlakın bölünməsi zamanı məhkəmə bir sıra halları nəzərə alır. İlk öncə həmin mülkün dövlət reyestrində qeydə alınıb alınmadığı, daha sonra tərəflərin həmin əmlakı nə vaxt əldə etdiyi (nikahdan əvvəl və ya nikah dövründə) müəyyənləşirilir. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda uşaqların mənafeyini nəzərə alaraq məhkəmə mülkü ərlə arvad arasında bərabər bölməyə də bilər. Bu zaman uşaqların kiminlə qalmasından asılı olaraq paylar qeyri-bərabər bölünür.
Əmlakın bölünməsi ilə bağlı ər və ya arvad boşandıqdan sonra 3 il müddətində iddia qaldıra bilərlər. Əgər daşınmaz əmlakın birgə nikah dövründə alınması müəyyən edilərsə məhkəmənin qərarı ilə ərə (arvada) evdə yaşamaq hüququ verilə bilər və ya satılaraq tərəflər arasında bölgü edilə bilər. Mülkün satılması mümkün olmazsa natura şəklində bölgü aparılır.
Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir.
Ər-arvadın hər birinin mülkiyyəti
Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Boşandıqdan sonra evdə yaşamaq hüququ
Əmlak birgə yaşayış vaxtı alınıbsa boşanma zamanı tərəflər arasında bərabər payda bölünür. Bəzən, qadın evləndikdən sonra ərinin yaxud qayınata və qayınanasının evində qeydiyyata düşür. Bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər (və ya digərləri) buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəməzsə qadına kompensasiya verilir.
Nikah müqaviləsi
Nikah müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanan sazişdir. Nikah müqaviləsi ər-arvadın nikah dövründə, həmçinin nikah pozulduqdan sonra əmlak hüquq və vəzifələrini müəyyən edir. Belə ki, Ailə qanunvericiliyinə əsasən tərəflər nikah müqaviləsində mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair qeydlər edə bilərlər.